Yasamalda yataqxana qəzalı vəziyyətdədir : Sakinlər faciədən qorxur
Yasamal rayonunda yerləşən yataqxanalardan birində yaşayan sakinlər acınacaqlı vəziyyətdən şikayətçidirlər.
Hadiseler.info-nun məlumatına görə, söhbət İnşaatçılar prospekti, 5 ünvanındakı binadan gedir.
Bildirilir ki, ötən əsrin ortalarında tikilən binanın xarici hissəsində təmir getsə də, daxili vəziyyəti bərbad haldadır. Elektrik xətləri açıq şəkildə saxlanılır, hər an qısaqapanma təhlükəsi var.
Bundan başqa, binanın kanalizasiya sistemində problem yaranıb. Nəticədə çirkab sular mənzillərə sızır, zirzəmi isə tamamilə su ilə dolub.
30 ildən çoxdur orada yaşayan sakinlər illərdir rütubət, pis qoxu və kommunal xidmətlərin olmaması səbəbindən əziyyət çəkdiklərini deyirlər.
Sakinlərdən biri: “30 ildir burda qalıram, işıq və zibil pulunu vaxtı-vaxtında ödəyirəm. Amma şərait çox pisdir. Dünən hamamda naqillərə görə az qala tok vurmuşdu məni”, – deyə gileylənib.
Sakinlərin sözlərinə görə, binada yalnız fasad yenilənib, içəridə illərdir heç bir əsaslı təmir aparılmayıb.
Onlar məsələ ilə bağlı aidiyyəti qurumların binaya baxış keçirməsini və problemə çarə tapmasını tələb edirlər.
No Comment! Be the first one.