Türkiyə sahillərində növbəti PUA həyəcanı
hadiseler.info xəbər verir ki, İstanbulun Arnavutköy rayonunun Karaburun sahilində partlayıcı maddə daşıdığı ehtimal edilən növbəti pilotsuz uçuş aparatı (PUA) aşkarlanıb.
Səhər saatlarında dəniz kənarında olan balıqçılar sahildə şübhəli cisim görərək dərhal xilasedicilərə xəbər veriblər. Əraziyə baxış keçirən xilasedicilər obyektin PUA olduğunu müəyyən edərək Sahil Mühafizəsi Xidmətinə məlumat ötürüblər.
Hadisə yerinə cəlb olunan təhlükəsizlik qüvvələrinin ilkin qiymətləndirməsinə əsasən, aparatın üzərində partlayıcı maddə ola biləcəyi ehtimalı irəli sürülüb. Riskləri aradan qaldırmaq məqsədilə əraziyə xüsusi təyinadlı SAS komandoları cəlb olunub. Təhlükəsizlik tədbirləri çərçivəsində PUA-nın elə tapıldığı ərazidə kontrollu şəkildə zərərsizləşdirilməsi qərara alınıb. Aparatın mənşəyi və bölgəyə hansı istiqamətdən gəldiyi texniki ekspertizadan sonra bəlli olacaq.
Qeyd edək ki, son günlər Türkiyənin Qara dəniz sahillərində bu cür halların sayı artıb. Avqustun 15-də də Arnavutköyün Yeniköy sahilində bənzər PUA tapılaraq araşdırılması üçün ərazidən götürülmüşdü.
No Comment! Be the first one.