ABŞ-də 90 il sonra ilk dəfə ictimai edam keçiriləcək
ABŞ administrasiyası 1936-cı ildən bəri ilk dəfə ictimai edam həyata keçirməyə hazırlaşır.
hadiseler.info xəbər verir ki, 2009-cu ildə Texas ştatındakı Fort Hud hərbi bazasında 13 nəfərin ölümünə səbəb olan hücuma görə ölüm hökmünə məhkum edilmiş keçmiş hərbçi Nidal Malik Həsənin güllələnmə dəstəsi tərəfindən edam olunması planlaşdırılır.
ABŞ müdafiə naziri Pit Heqset “Real America’s Voice”a müsahibəsində Nidal Həsənin edamının ictimaiyyətə açıq olacağını bildirib. O, insanların bu cür əməllərin ciddi nəticələrə səbəb olduğunu anlamaları üçün şərait yaradılacağını vurğulayıb. Edamın televiziya və ya internet üzərindən yayımlanıb-yayımlanmayacağı, eləcə də mərasimdə kimlərin iştirak edə biləcəyi hələ dəqiqləşdirilməyib.
Qeyd edək ki, ABŞ-də son ictimai edam 1936-cı ildə Kentukki ştatında Reyni Beteanın asılması ilə həyata keçirilib. Hərbi güllələnmə dəstəsi tərəfindən son edam isə 1945-ci ildə, İkinci Dünya müharibəsi zamanı fərarilikdə təqsirli bilinən sıravi Eddi Slovikə tətbiq olunub.
Hazırda 56 yaşı olan keçmiş ordu psixiatrı Nidal Həsən 2009-cu ilin noyabrında Fort Hud hərbi bazasında törətdiyi hücum nəticəsində 13 nəfəri öldürüb, 32 nəfəri yaralayıb. Həbs zamanı polis tərəfindən güllələnərək qismən iflic olan Həsənin edamının dekabrın 3-də həyata keçirilməsi gözlənilir.
No Comment! Be the first one.