Azərbaycan Jurnalistlərinin IX qurultayının vaxtı dəyişdirildi
Azərbaycan jurnalistlərinin IX qurultayının keçiriləcəyi məkan və dəqiq tarix müəyyənləşib.
hadiseler.info xəbər verir ki, bu barədə Jurnalistlərin IX qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi məlumat yayıb.
Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi tədbirin keçirilmə tarixini oktyabrın 15-dən oktyabrın 16-na dəyişdirib. Bildirilib ki, bu qərar hazırlıq işlərinin daha səmərəli və yüksək səviyyədə aparılması zərurətindən irəli gəlir. Məlumata görə, qurultay Rəşid Behbudov adına Mahnı Teatrında təşkil olunacaq və oktyabrın 16-da saat 09:00-da öz işinə başlayacaq.
Təşkilat Komitəsi Mətbuat Şurasına üzv təşkilatları qurultaya nümayəndələrin və Şuranın İdarə Heyətinə namizədlərin verilməsi prosesini sürətləndirməyə çağırıb. Bunun üçün Mətbuat Şurasının “presscouncil.az” saytındakı “Azərbaycan jurnalistlərinin IX qurultayı” bölməsində yerləşdirilmiş təlimata əsasən anketlər doldurulmalı, şəxsən Mətbuat Şurasına çatdırılmalı və ya [email protected] elektron ünvanına göndərilməlidir.
Nümayəndələrin və namizədlərin təqdim olunması prosesi oktyabrın 12-də başa çatacaq.
No Comment! Be the first one.