Azərbaycanın AQEM-ə sədrliyi 2028-ci ilədək uzadıldı
Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşü bir sıra mühüm qərarların qəbulu ilə yekunlaşıb.
hadiseler.info xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) rəsmi məlumat yayıb.
Məlumata əsasən, sammit çərçivəsində Bakı Bəyannaməsi və Əməyin Təhlükəsizliyi və Sağlamlığın Qorunmasına dair Bəyanat qəbul olunub. Tədbirdə Laos AQEM-in tamhüquqlu üzvü statusunu qazanıb.
Azərbaycanın səmərəli rəhbərliyinin və fəaliyyətinin tanınması nəticəsində ölkəmizin təşkilata sədrliyi 2026–2028-ci illər üçün uzadılıb. Eyni zamanda, səfir Sultan Hacıyev 2026–2030-cu illər müddətinə AQEM-in Baş katibi təyin edilib.
Kambocanın müvafiq konvensiyanı ratifikasiya etməsi ilə AQEM Katibliyinin İmtiyaz və İmmunitetləri haqqında Konvensiyanın qüvvəyə minməsi üçün tələb olunan hüquqi proses tamamlanıb.
XİN-in bəyanatında Asiyada çoxtərəfli əməkdaşlıq, nəqliyyat bağlantıları, sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə dair öhdəliklərin yeniləndiyi vurğulanıb. Azərbaycanın AQEM-in dialoq, etimad quruculuğu və birgə fəaliyyət platforması kimi gücləndirilməsinə sadiq olduğu diqqətə çatdırılıb.
No Comment! Be the first one.