“Azərbaycan ABŞ-ın köməyinə ümid edir” – Səfirdən vacib bəyanat
Azərbaycan işğaldan azad edilmiş ərazilərdə mina təmizləmə prosesini sürətləndirmək üçün müasir texnologiyaların cəlb edilməsi istiqamətində ABŞ ilə əməkdaşlığa böyük ümid bəsləyir.
hadiseler.info xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim “Axios” nəşrinə müsahibəsində bildirib.
Səfir qeyd edib ki, uzunillik münaqişə nəticəsində ölkə ərazisi ciddi şəkildə minalanıb:
“Adambaşına düşən göstəriciyə görə Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələrdən biridir. Bizim üçün ən kritik məsələ ərazilərin düzgün xəritələndirilməsini təmin etməkdir. Bu baxımdan mina təmizləmə texnologiyaları və texnikalarının gətirilməsində Vaşinqtonun dəstəyinə ümid edirik”.
Xəzər İbrahim həmçinin vurğulayıb ki, Bakı və Vaşinqton sülh sazişindən sonra süni intellektdən enerjiyə qədər bir çox sahədə əlaqələri dərinləşdirir:
“Prezident İlham Əliyev Prezident Donald Trampın Sülh Şurasının təsisçi üzvlərindən biridir. Hazırkı ABŞ administrasiyası ilə razılaşdırılan hər bir məsələ operativ şəkildə icra olunur”.
No Comment! Be the first one.