Azərbaycana gələn bu şəxslər üçün viza güzəşti tətbiq olunacaq
Azərbaycanda keçiriləcək 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalı (FIFA U-15 World Cup and Festival) ilə əlaqədar ölkəyə gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurları sadələşdirilir.
hadiseler.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.
Sərəncama əsasən, müvafiq sənədlərdən birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2026-cı il sentyabrın 22-dən noyabrın 5-dək Azərbaycanın beynəlxalq hava limanlarında viza ala biləcəklər.
Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilir:
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi dəvət məktubu;
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) müvafiq qaydalarına uyğun olaraq elektron qeydiyyat sistemi vasitəsilə akkreditasiyadan keçməni təsdiq edən sənəd.
Sərəncamla Xarici İşlər Nazirliyinə FIFA, IATA və xarici ölkələrin aidiyyəti qurumlarını viza güzəştləri barədə məlumatlandırmaq, həmçinin nazirliyin, səfirlik və konsulluqların saytlarında sadələşdirilmiş viza rejimi və “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanlarını işıqlandırmaq tapşırılıb. Dövlət Miqrasiya Xidməti isə ölkəmizə uçuşlar həyata keçirən aviasiya şirkətlərini müvafiq qaydada məlumatlandıracaq.
No Comment! Be the first one.