Azərbaycanda dərmanlar niyə bahadır? – DEPUTAT HƏLL YOLUNU AÇIQLADI
Azərbaycanda dərman vasitələrinin qiymətlərinin xarici ölkələrlə müqayisədə yüksək olması son dövrlər cəmiyyətdə ciddi narazılıq doğuran məsələlərdən birinə çevrilib. Xüsusilə idxal olunan bir sıra preparatların yerli apteklərdəki satış qiyməti ilə qonşu ölkələrdəki qiymətlər arasında nəzərəçarpacaq fərqin olması dərman bazarında qiymətlərin formalaşması məsələsini yenidən gündəmə gətirib.
Bəzi hallarda eyni tərkibli və eyni istehsalçıya məxsus dərmanların Azərbaycanda digər ölkələrlə müqayisədə daha baha satılması istehlakçılar arasında suallar yaradır.
Məsələ ilə bağlı hadiseler.info-ya danışan Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov dərman qiymətlərinin aşağı salınması üçün əsas həll yollarından birinin yerli istehsalın genişləndirilməsi olduğunu bildirib.

“Dərman preparatlarının qiymətlərinin optimallaşdırılması və ucuzlaşdırılması üçün ilk növbədə yerli istehsalın təşkil edilməsinə ehtiyac var. Yerli istehsal maya dəyərini və xərcləri aşağı salacaq, nəticədə apteklərdəki qiymətlərin düşməsinə gətirib çıxaracaq” – deyə Vüqar Bayramov bildirib.
Tarif Şurası isə sorğumuza belə cavab verdi;
“Azərbaycanda dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyə edilən “xarici referans qiymət yanaşması” metodu ilə həyata keçirilir. Bu yanaşma ondan ibarətdir ki, eyni dərman vasitəsinin başqa ölkələrdəki qiymətləri müqayisə edilir və həmin məlumatlara əsasən ölkədaxili qiymətin yuxarı həddi müəyyən olunur.
Tarif (qiymət) Şurası tərəfindən Avropa İttifaqına üzv olan 9 ölkə və Türkiyə daxil olmaqla ümumilikdə 10 ölkə istinad ölkəsi kimi seçilib.
Dərman vasitələrinin qiymətləri tənzimlənən zaman tərkibi (təsiredici maddələr), dozası, farmasevtik forması, qablaşdırılması, qablaşdırmadakı sayı və istehsal ölkəsi kimi amillər nəzərə alınır.
15 sentyabr 2023-cü il tarixindən ölkəmizdə bütün dərman vasitələrinin topdan və pərakəndə satış qiymətləri yuxarı hədd səviyyəsində təsdiq edilir. Tənzimlənmiş qiymətlərdən yuxarı qiymətə dərman vasitələrinin satışına görə isə İnzibati Xətalar Məcəlləsində məsuliyyət nəzərdə tutulmuşdur.”
No Comment! Be the first one.