Bakı-Sumqayıt yolunda dəhşətli qəza – VİDEO
Bakı-Sumqayıt yolunun Abşeron rayonundan keçən hissəsində, “Masazır dairəsi” adlanan yol qovşağındakı körpüdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
hadiseler.info xəbər verir ki, saat 12:05 radələrində Bakı-Quba avtomobil yolunun 13,5-ci kilometrliyində “Scania” markalı yük avtomobili ayırıcı sədlə toqquşduqdan sonra qarşı hərəkət zolağına keçərək “Ravon” markalı minik avtomobilinin üzərinə aşıb. Zərbənin təsirindən hər iki nəqliyyat vasitəsi metal arakəsmələrə çırpılaraq aşıb.
Hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri ilə yanaşı DYP əməkdaşları cəlb olunub. Xilasedicilər minik avtomobilində sıxılıb qalmış 1 nəfərin cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Qəza nəticəsində 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ətrafa dağılmış yanacaq yanğınsöndürənlər tərəfindən yuyularaq ərazidə təhlükəsizlik tədbirləri görülüb.
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bəzi yük avtomobili sürücülərinin məsuliyyətsiz davranaraq qaydaları pozmasını kəskin pisləyib və bu cür təhlükəli hallara qarşı nəzarət-profilaktik tədbirlərin daha da sərtləşdiriləcəyini bəyan edib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.
No Comment! Be the first one.