Bakıda avtobusu sürməkdən imtina edən tiktoker sürücü İŞDƏN QOVULDU
Bakıda 5 nömrəli müntəzəm marşrut avtobusunun sürücüsünün sərnişinlərdən biri ilə yaşadığı mübahisədən sonra nəqliyyat vasitəsini idarə etməkdən imtina etməsi sərnişinlərin kəskin narazılığına səbəb olub.
hadiseler.info xəbər verir ki, hadisə oktyabrın 22-si saat 12:37-də Təbriz küçəsi 30 ünvanında qeydə alınıb. Sərnişinlərin verdiyi məlumata görə, bir nəfərlə mübahisə edən sürücü nəqliyyat vasitəsini saxlayaraq salondan düşüb və hərəkəti təxminən 5 dəqiqə ləngidib. O, bir sərnişinə görə avtobusdakı bütün şəxslərin yolda qalacağını bildirib.
Məsələ ilə bağlı “BakuBus” MMC-nin mətbuat katibi Əsmər Əliyeva rəsmi açıqlama verərək faktın araşdırıldığını və sürücünün xidməti vəzifələrinin icrası zamanı ciddi qayda pozuntusuna yol verdiyinin müəyyən olunduğunu diqqətə çatdırıb. Sürücünün izahatı alındıqdan sonra Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq onunla bağlanan əmək müqaviləsinə xitam verilib.
Qurumdan bildirilib ki, sürücünün səhhətində yaranan problemlər və ya nəqliyyat vasitəsindəki texniki nasazlıqlar istisna olmaqla, sərnişindaşıma fəaliyyətinin dayandırılması yolverilməzdir. “BakuBus” MMC yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyib və daxili intizam mexanizmlərinin daha da gücləndiriləcəyini vurğulayıb. Qeyd edək ki, işdən azad olunan sürücü sosial şəbəkələrdə, xüsusən “TikTok” platformasında sürücülük fəaliyyəti ilə bağlı yumoristik videolar çəkməklə tanınırmış.
No Comment! Be the first one.