Bakıda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib- VİDEO
Bakının Ziya Bünyadov prospektində dörd avtomobilin toqquşması ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
hadiseler.info “APA”ya istinadən xəbər verir ki, qəzaya hərəkətdə olan “VAZ-2107” markalı avtomobilin texniki nasazlıq səbəbindən yolda qəfil dayanması səbəb olub.
Bu zaman arxadan eyni istiqamətdə gələn “Opel” markalı minik maşını dayanan avtomobilə çırpılıb. Zərbənin gücündən ardınca gələn digər “VAZ-2107” və “BYD” markalı avtomobillər də qəzaya uğrayan nəqliyyat vasitələrinə çırpılaraq zəncirvari toqquşma yaradıblar.
Ağır yol qəzası nəticəsində iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar əraziyə çağırılan təcili tibbi yardım briqadasının köməyi ilə dərhal xəstəxanaya çatdırılıblar.
Hadisə səbəbindən Ziya Bünyadov prospektində nəqliyyatın hərəkətində kəskin sıxlıq və tıxac yaranıb. Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub, qəzaya uğrayan avtomobillərin yoldan kənarlaşdırılması və hərəkətin bərpası üçün işlər aparılıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
No Comment! Be the first one.