Bakıda professor Ziya Səlcuqun ustad dərsi keçiriləcək
Oktyabrın 6-da Heydər Əliyev Mərkəzində professor, “Maya” məktəblər şəbəkəsinin yaradıcısı və “Öndə müəllim” Fondunun sədri Ziya Səlcuqun ustad dərsi keçiriləcək.
hadiseler.info xəbər verir ki, “Sürətdən dərinliyə: özünə qayıdış” adlı ustad dərsi Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı, “Regional İnkişaf” İctimai Birliyi və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə baş tutacaq.
Tədbir çərçivəsində Ziya Səlcuqun Azərbaycan dilində nəşr olunan “Qırx dəfə demişəm” kitabı da iştirakçılara təqdim ediləcək. Kitabda gündəlik həyatda tez-tez istifadə olunan ifadə və deyimlər valideynlik prizmasından analiz edilir, uşaqlara baxış bucağını dəyişdirməyi hədəfləyən səmimi söhbət üslubu təqdim olunur.
Məlumat üçün bildirək ki, Ziya Səlcuq 2018–2021-ci illərdə Türkiyə Respublikasının milli təhsil naziri vəzifəsində çalışıb. Hazırda “Öndə müəllim” Fondunun sədri olan professor davranış, ünsiyyət, öyrənmə və xarakter mövzularında çoxsaylı kitabların və 100-dən artıq elmi məqalənin müəllifidir.
Ustad dərsində iştirak ödənişsizdir, lakin yerlər məhduddur.
No Comment! Be the first one.