Bakıda “Turandot” tamaşasının premyerası baş tutub- FOTO
Heydər Əliyev Sarayının səhnəsində dahi bəstəkar Cakomo Puççininin məşhur “Turandot” operasının yeni tamaşasının premyerası baş tutub.
hadiseler.info xəbər verir ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı tərəfindən sürəkli alqışlarla təqdim olunan yeni səhnə əsərində dünyaşöhrətli tenor, Azərbaycanın Xalq artisti Yusif Eyvazov çıxış edib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da premyeranı izləyənlər arasında olub.
Son 98 ildə Azərbaycanda ilk dəfə səhnələşdirilən yeni “Turandot” xüsusi olaraq Bakı səhnəsi üçün hazırlanıb. Tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev, icraçı rəssamı Əməkdar mədəniyyət işçisi Tehran Babayev, rejissoru Elnur İsmayılov, xormeysteri Əməkdar artist Sevil Hacıyeva, xoreoqrafları isə Xalq artisti Mədinə Əliyeva və Əməkdar artist Anar Mikayılovdur.
Üç fərqli aktyor heyətinin və fərqli maestroların iştirak etdiyi premyera axşamında Kalaf rolunu Xalq artisti Yusif Eyvazov, Turandot rolunu isə italyan sopranosu Karmen Cannattazio ifa edib, dirijor kürsüsündə isə italyan maestro Beatriçe Venezi olub.
Mətbuat konfransında çıxış edən Yusif Eyvazov bu hadisəni tarixi adlandıraraq, 98 ildən sonra “Turandot”un yenidən Azərbaycan səhnəsinə qayıtdığını vurğulayıb. Qeyd edək ki, üçpərdəli operanın süjeti amansız şahzadə Turandot və şahzadə Kalafın sevgi hekayəsi, həmçinin üç tapmacanın həlli ətrafında cərəyan edir.



No Comment! Be the first one.