Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür
Oktyabrın 11-i bütün dünyada Beynəlxalq Qız Uşaqları Günü kimi qeyd olunur.
hadiseler.info xəbər verir ki, bu əlamətdar gün 2011-ci ilin dekabr ayında Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının müvafiq qətnaməsi ilə təsis edilib və ilk dəfə 2012-ci ildə uşaq nikahları mövzusu ilə diqqət mərkəzinə gətirilib. Qeyd olunan günün əsas məqsədi qız uşaqlarının hüquqlarını tanıtdırmaq, onların üzləşdiyi ayrı-seçkilik və bərabərsizlik kimi problemlərə diqqət çəkmək, eləcə də təhsil, sağlamlıq və inkişaf imkanlarını genişləndirməkdir.
Qeyd edək ki, hazırda dünyada yaşayan təxminən 1 milyard gəncin 600 milyona yaxınını yeniyetmə qızlar təşkil edir. Bununla belə, statistikaya əsasən, 15-19 yaşlı qızların hər dördündən biri nə təhsil alır, nə işləyir, nə də peşə hazırlığı keçir. Yeniyetməlik dövründə qızların təhlükəsizliyinin təmin edilməsi və keyfiyyətli təhsil alması onların gələcəkdə cəmiyyətin tərəqqisinə mühüm töhfələr verməsi üçün həyati əhəmiyyət daşıyır.
No Comment! Be the first one.