Bu gün Milli Qəhrəman Çingiz Mustafayevin doğum günüdür
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, tanınmış telereportyor Çingiz Mustafayevin doğum günüdür.
hadiseler.info xəbər verir ki, Çingiz Fuad oğlu Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. 1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirən Ç.Mustafayev 1985-ci ildə yaratdığı “Cəngi” birliyindəki fəaliyyəti ilə Azərbaycan gənclərinin lideri səviyyəsinə yüksəlib.
Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra jurnalistikaya üz tutan Çingiz Mustafayev 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başlayıb. O, yalnız ölkə daxili fəaliyyətlə kifayətlənməyib, hazırladığı reportajlar informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentliklərinə çıxmasını təmin edib.
Dövlət televiziyasında mövcud olan senzura və məhdudiyyətlər səbəbindən Çingiz Mustafayev muxtar qurum olan “215 kl” studiyasının yaradılmasının təşəbbüskarı və banisi olub. Tamaşaçılar döyüş bölgələrindən verilən operativ xəbərlərə görə bu studiyanı məhz müharibədən məlumat verən telequrum kimi qəbul edirdilər.
Çingiz Mustafayev Ermənistan-Azərbaycan müharibəsinin 1992-ci ilə qədər olan dövrünün əsl salnaməsini yaradıb. O, cəbhə zonasından operativ xəbərlər, əsgərlər haqqında xüsusi reportajlar və ölkədəki siyasi processeslər barədə etibarlı məlumatlar hazırlayıb. Dünya ictimaiyyəti onu daha çox Xocalı soyqırımı zamanı çəkdiyi kadrlarla tanıyıb və məhz bu filmlə Ermənistanın imicinə ciddi zərbə vurulub.
O, cəbhəyə yalnız reportyor kimi yollanmır, eyni zamanda bir əsgər, zabit və komandan kimi öhdəliklər götürürdü. Laçından geri çəkilən əsgərlərlə kəskin söhbətləri və verdiyi göstərişlər ən yeni teletarixin dramatik səhifələrinə çevrilib.
Çingiz Mustafayev 1992-ci il iyunun 15-də Ağdamın Naxçıvanik kəndində çəkiliş apararkən mərmi qəlpəsindən həlak olub. O, son anadək kamerasını söndürməyib.
Çingiz Mustafayevə 1993-cü ildə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
No Comment! Be the first one.