Ceyhun Bayramov Nyu-Yorkda ABŞ-nin aparıcı şirkətlərinin rəhbərləri ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının təşkil etdiyi icraçı dəyirmi masada iştirak edib.
hadiseler.info xəbər verir ki, görüşdə ABŞ-nin aparıcı şirkətlərinin rəhbərləri və nümayəndələri bir araya gəliblər.
Müzakirələr zamanı Azərbaycanın geostrateji əhəmiyyəti, 2025-ci ilin tarixi Vaşinqton sammitindən sonra Bakı və Vaşinqton arasında formalaşan strateji tərəfdaşlıq ön plana çıxarılıb, əsas sahələrdə ikitərəfli əlaqələrin gücləndirilməsinin vacibliyi vurğulanıb.
Nazir çıxışında xarici siyasət prioritetləri, iqtisadiyyat, enerji, ticarət, rəqəmsal transformasiya, süni intellekt və bağlantı sahələrindəki əməkdaşlıq imkanlarını diqqətə çatdırıb. Həmçinin 2025-ci ilin avqustunda qəbul edilmiş Vaşinqton Bəyannaməsi və paraflanmış sülh sazişindən sonrakı regional normallaşma, Ermənistanla birbaşa ikitərəfli ticarət əlaqələrinin başlanması və tranzit məhdudiyyətlərinin aradan qaldırılması kimi praktiki addımlar xüsusi qeyd olunub.
C.Bayramov Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz gediş-gəlişi təmin edən TRIPP layihəsinin, eləcə də Rəqəmsal İpək Yolu və Orta Dəhliz vasitəsilə ölkəmizin strateji bağlantı rolunu önə çəkib. O, 10-dan çox saziş üzrə 8 milyard dollardan artıq kommersiya öhdəliyini təmin edən ilk ABŞ–Azərbaycan İqtisadi Dialoqundan sonra birgə işçi qruplarının fəaliyyətə başladığını xatırladıb.
No Comment! Be the first one.