Dövlət əleyhinə açıq çağırışlar yayan 7 şəxs beynəlxalq axtarışa verildi
Azərbaycanda konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, hakimiyyətin zəbt olunmasına və dini nifrətin alovlandırılmasına yönəlmiş açıq çağırışlarla bağlı yürütülən cinayət işi çərçivəsində daha yeddi nəfər barəsində beynəlxalq axtarış elan olunub.
hadiseler.info xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat Xidməti geniş rəsmi məlumat yayıb.
Məlumata əsasən, Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 281.2, 283.2.1 və 167-3.1-ci maddələri ilə başlanmış ibtidai istintaq çərçivəsində Türkiyə Respublikasında fəaliyyət göstərən bir sıra şəxslərin sosial şəbəkələr və internet platformaları üzərindən dövlət əleyhinə radikal çağırışlar etdikləri, süni intellekt və digər vasitələrlə hazırladıqları materialları geniş auditoriyaya yaydıqları müəyyən edilib.
Aparılan prosessual tədbirlər nəticəsində oktyabrın 19-da aşağıdakı şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunublar:
1. Rıdvan Kaya (1961-ci il təvəllüdlü, “Haksöz” jurnalı və “Haksöz Haber” internet resursunun müəllifi);
2. Zekeriyya Ceran / Abdullah İmamoğlu (1981-ci il təvəllüdlü, “Köklü Değişim” nəşrinin yazarı, “Değişim TV”nin aparıcısı);
3. Fatih Tezcan (1976-cı il təvəllüdlü, “Analiz Merkezi” resursunun təsisçisi);
4. Ahmet Şanlı (1971-ci il təvəllüdlü, “Ahmet Şanlı Hukuk Bürosu”nun rəhbəri);
5. Fahrettin Taşkaya Saral (1971-ci il təvəllüdlü, araşdırmaçı);
6. Abdurrahman Tumer (1975-ci il təvəllüdlü, sosial şəbəkə aktivisti);
7. Alparslan Tanrıkulu (moderator və idmançı).
Bundan başqa, Rıdvan Kayanın 3 oktyabr 2026-cı ildə Azərbaycanın İstanbuldakı Baş Konsulluğu, Rıdvan Kaya və Zekeriyya Ceranın isə 13 oktyabr 2026-cı ildə Azərbaycanın Ankaradakı Səfirliyi qarşısında keçirilən aksiyalarda da hakimiyyətin zorla ələ keçirilməsinə dair radikal çağırışlar etdikləri sübuta yetirilib.
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarları ilə sözügedən 7 şəxs barəsində qiyabi həbs qətimkan tədbiri seçilib və onlar beynəlxalq axtarışa veriliblər. Hazırda Türkiyənin səlahiyyətli orqanları və tərəfdaş dövlətlərlə beynəlxalq hüquqi yardım çərçivəsində birgə istintaq hərəkətləri davam etdirilir.
No Comment! Be the first one.