Dünya çempionatı: Azərbaycanın 4 güləşçisi yarışın son günündə xalça üzərinə çıxacaq
Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatına bu gün yekun vurulacaq.
hadiseler.info xəbər verir ki, yarışın son günündə Azərbaycanın sərbəst güləş millisinin dörd üzvü bürünc medal uğrunda yarışacaqlar.
Cəbrayıl Hacıyev (79 kq) və İslam Bazarqanov (57 kq) yarımfinal məğlubiyyətindən sonra, Ali Tsokayev (92 kq) və Turan Bayramov (74 kq) isə rəqiblərinin finala yüksəlməsi sayəsində təsəlli verici görüşlərə qatılacaqlar.
C.Hacıyev və İ.Bazarqanovun bürünc medal görüşündəki rəqibləri təsəlli verici karşılaşmaların nəticəsinə əsasən müəyyənləşəcək.
A.Tsokayev təsəlli verici görüşdə Nauru təmsilçisi Ceys Uera ilə karşılaşacaq. Qalib gələrsə, bürünc medal uğrunda iranlı Amirhüseyn Firuzpurbandpeylə karşılaşacaq.
T.Bayramov isə ilk təsəlli verici görüşdə kosovalı Ekzon Coni ilə karşılaşacaq. Qələbə qazanacağı təqdirdə növbəti görüşdə tacikistanlı Viktor Rassadinlə güləşəcək. Bu karşılaşmanın qalibi bürünc medal uğrunda yaponiyalı Yoşinosuke Aoyaqi ilə üz-üzə gələcək.
Xatırladaq ki, yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) isə gümüş medal qazanıb. Sərbəst güləşçilərdən isə Arseniy Djioyev (86 kq) gümüş, Giorgi Meşvildişvili (125 kq) isə bürünc mükafata sahib çıxıb.
No Comment! Be the first one.