Əli Nağıyev Çinə səfər etdi
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasına (ÇXR) səfər edib.
hadiseler.info xəbər verir ki, səfər ÇXR-in İctimai Təhlükəsizlik Nazirliyinin dəvəti ilə Ciansu əyalətinin Lianyunqan şəhərində keçirilən V Qlobal İctimai Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda iştirak etmək məqsədilə baş tutub. Forumda terrorçuluqla mübarizə, beynəlxalq tərəfdaşlıq və texnologiyaların tətbiqi məsələləri müzakirə olunub və “Qlobal Terrorçuluqla Mübarizə üzrə 2026-cı il Fəaliyyət Planı” qəbul edilib.
Səfər çərçivəsində Əli Nağıyev ÇXR Dövlət Şurasının üzvü, ictimai təhlükəsizlik naziri Van Syaoxunla görüşüb. DTX rəisi Tibetdə baş vermiş və insan tələfatı ilə nəticələnmiş fəlakətlə bağlı dost Çin xalqına başsağlığı verib.
Görüşdə regional təhlükəsizlik, terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq və kiberdələduzluqla birgə mübarizə məsələləri müzakirə olunub. Sonda Azərbaycan DTX-si ilə Çin İctimai Təhlükəsizlik Nazirliyi arasında təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.
No Comment! Be the first one.