Ermənistan parlamentində kütləvi dava: Deputatlar canlı yayımda əlbəyaxa oldular – Video
Ermənistan parlamentində iqtidar və müxalifət partiyalarının deputatları arasında kütləvi dava düşüb və iclas yarımçıq dayandırılıb. İnsident bütün ölkə üzrə canlı yayımla nümayiş etdirilib.
Hadiseler.info xəbər verir ki, bu barədə Ermənistan mətbuatında məlumatlar və görüntülər yayılıb.
Bildirilib ki, münaqişə hakim Vətəndaş Sazişi Partiyasının deputatı Taron Çaxoyanın çıxışı zamanı başlayıb. O, müxalifətdən olan həmkarlarının ünvanına sərt və təhqiramiz ifadələr səsləndirib. Bu sözlərə müxalif “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyan kəskin reaksiya verib. Qısa müddətdə söz davası fiziki toqquşmaya çevrilib və hər iki tərəfdən digər deputatlar da davaya qoşulub.
Parlament üzvləri bir-birilərini yumruq və təpiklə vurub, iclas zalı faktiki olaraq əlbəyaxa döyüş meydanını xatırladıb. Bütün bu hadisələr canlı yayımı izləyən tamaşaçıların gözü önündə cərəyan edib.
Diqqətçəkən məqam odur ki, Ermənistan parlamentinin spikeri Ruben Rubinyan əvvəlcə nümayişkaranə şəkildə yayımı kəsməkdən və fasilə verməkdən imtina edib.
“Mən xüsusi fasilə elan etmirəm ki, hamı bunu görsün. İclas bu cür davam edəcək, qoy hamı bunu izləsin”, – deyə Rubinyan bildirib.
Lakin yumruqlar işə düşdükdə və dava iştirakçılarından biri yerə yıxıldıqda iclasın keçirilməsi mümkünsüz hala gəlib və parlamentin işində məcburi fasilə elan edilib.
No Comment! Be the first one.