FHN-dən çimərliyə gedənlərə xəbərdarlıq
Fövqəladə Hallar Nazirliyi (FHN) istirahət üçün su hövzələrinə üz tutan vətəndaşlara müraciət edərək təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edib. Hadisələr.info xəbər verir ki, nazirliyin yaydığı rəsmi bəyanatda hazırda ölkə ərazisində, xüsusilə Bakı və Abşeron yarımadasında müşahidə olunan qızmar isti hava şəraitinin həftəsonu da davam edəcəyi bildirilib.
Anoloji hava şəraiti vətəndaşların çimərliklərə və su hövzələrinə kütləvi axınına səbəb olur. Müvafiq təhlükəsizlik qaydalarına riayət olunmaması isə bəzən bədbəxt hadisələrlə nəticələnir.
Qadağan olunmuş ərazilər və əsas qaydalar
Nazirlik bəyan edir ki, çimərlik üçün nəzərdə tutulmamış kanallarda, çaylarda və digər su hövzələrində çimmək, eləcə də işarələnmiş sərhədlərdən kənara üzmək qətiyyən qadağandır. Çimərlik zonalarına xilasetmə texnikasından başqa kənar qayıq və kiçik gəmilərin daxil olmasına da icazə verilmir.
Uşaqların su kənarında nəzarətsiz qalmaması, xəbərdaredici nişanların göstərişlərinə və xilasedicilərin tələblərinə sözsüz riayət olunması xüsusi vurğulanır. Qızmar günəş altında uzun müddət qalmaq və havanın qaranlıq vaxtı suya daxil olmaq həyat üçün ciddi təhlükə yaradır.
No Comment! Be the first one.