Hikmət Hacıyev: Azərbaycan və Özbəkistan münasibətləri müttəfiqlikdən əbədi dostluq səviyyəsinə qalxır-VİDEO
Özbəkistanla Azərbaycan arasındakı münasibətlər artıq strateji müttəfiqlik xarakteri daşıyır və yeni inkişaf mərhələsinə qədəm qoyur.
hadiseler.info xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi — Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Özbəkistanda “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”yə münasibət bildirərkən deyib.
Hikmət Hacıyevin sözlərinə görə, 2020-ci ildə iki dövlət başçısının təmaslarından sonra ikitərəfli əlaqələr sürətlə inkişaf edərək strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlib:
“İndi isə münasibətlərimiz əbədi dostluq xarakteri daşıyacaq. Bu, Azərbaycanın diplomatik təcrübəsində bir ilkdir. Onsuz da xalqlarımız əbədi dost idilər. Azərbaycan və Özbəkistan tarixinə baxsaq, aramızda dərin bağlantılar var. Bunu Əlişir Nəvainin və digər özbək ədiblərin əsərlərində də görə bilərik.”
Prezidentin köməkçisi vurğulayıb ki, tarixi əsnada mövcud olan bu ədəbi və mədəni bağlar artıq siyasi müstəvidə də hüquqi rəsmiləşmə tapır:
“Hesab edirik ki, bu səfər Azərbaycan-Özbəkistan qardaşlıq, müttəfiqlik və əbədi dostluq münasibətlərində yeni dönüş nöqtəsi olacaq. Qardaş Özbəkistana göstərilən samimi qonaqpərvərliyə görə təşəkkür edirik. Özbəkistan mediasında cənab Prezidentin geniş müsahibəsi dərc olunub və dövlətimizin başçısının qeyd etdiyi kimi, biz hər dəfə Özbəkistana gələndə böyük sevinclə gəlirik.”
No Comment! Be the first one.