Hikmət Hacıyev: “Revanşist qüvvələr sülh prosesini pozmağa çalışırlar”
“Euronews” telekanalı Dubayda keçirilən Ərəb Media Forumunun yekunlarına dair xüsusi material hazırlayıb. Məqalədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Bakı ilə İrəvan arasındakı sülh prosesinə dair fikirləri yer alıb.
hadiseler.info xəbər verir ki, telekanal H.Hacıyevin Ermənistanla sülhə nail olmağın “çətin mübarizə” olduğu barədə sözlərini sitat gətirib.
Məqalədə rəsmi Bakının xəbərdarlığı diqqətə çatdırılıb: “Ermənistandakı və erməni diasporundakı revanşist qüvvələr ‘əvvəlkitək güclüdür’ və keçmiş rəqiblər arasındakı tarixi sülh prosesini pozmağa çalışırlar”.
Prezidentin köməkçisi müharibədən sonrakı dövrün mürəkkəbliyini xüsusi vurğulayıb: “İndi biz müharibəni qazanmışıq, lakin biz sülh dövründə də qalib gəlirik, bu isə asan məsələ deyil. Qarabağın və Şərqi Zəngəzurun işğalının bütün illəri ərzində məscidlərimiz, islam mədəni irsimiz Ermənistan tərəfindən tamamilə məhv edilib – hətta məscidlərə donuzlar salınırdı”.
Hikmət Hacıyev, həmçinin Azərbaycanın islam sivilizasiyasına mənsub olmasına baxmayaraq, ölkədə üç dinin – islam, xristianlıq və iudaizmin dinc yanaşı mövcud olduğunu, məscid, kilsə və sinaqoqların fəaliyyət gösterdiyini bildirib. O, Azərbaycanın öz suveren ərazisindəki xristian irsinin qorunmasına mədəni irsinin bir hissəsi kimi sadiq qaldığını bir daha bəyan edib.
No Comment! Be the first one.