İlham Əliyev: “Azərbaycan ərazisinin 96 faizi qazlaşdırılıb”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda keçirilən tədbirdə daxili infrastruktur və enerji layihələri barədə önəmli məlumatlar açıqlayıb.
hadiseler.info xəbər verir ki, dövlət başçısı ölkədə daxili infrastrukturun tam formalaşdığını diqqətə çatdırıb:
“Azərbaycan ərazisinin 96 faizi qazlaşdırılıb. Ölkə əhalisinin 100 faizi elektrik enerjisi və genişzolaqlı internetlə təmin olunub. Eyni zamanda, biz elektrik enerjisi ixrac edirik”.
Prezident İlham Əliyev daxili infrastruktur baxımından 9 beynəlxalq hava limanının, dəniz limanlarının və tamamlanmış dəmir yolu şəbəkəsinin mövcudluğunu vurğulayıb. O bildirib ki, indi əsas diqqət çoxmillətli maraqlara xidmət edən nəqliyyat, logistika, rəqəmsal və gömrük infrastrukturunun inkişafına yönəldilməlidir.
Dövlət başçısı həmçinin beynəlxalq enerji layihələrinə də toxunub:
Xəzər sualtı elektrik kabeli: Özbəkistan və Qazaxıstanla Mərkəzi Asiyanı Azərbaycan vasitəsilə Avropa ilə birləşdirəcək sualtı kabel sazişi imzalanıb.
Qara dəniz sualtı elektrik kabeli: Azərbaycandan Gürcüstana, oradan isə Rumıniyaya uzanacaq 4 giqavat gücündə layihə hazırda texniki-iqtisadi əsaslandırma mərhələsindədir.
Enerji saxlama sistemləri: Ölkədə 250 meqavat gücündə enerji saxlama sistemləri mövcuddur və bu sahədə genişlənmə davam edəcək.
No Comment! Be the first one.