İlham Əliyev Tacikistanın Baş naziri Koxir Rasulzodanı qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də ölkəmizdə səfərdə olan Tacikistan Respublikasının Baş naziri Koxir Rasulzodanı qəbul edib.
hadiseler.info xəbər verir ki, dövlət başçısı Azərbaycan və Tacikistanın dost və qardaş ölkələr olduğunu bildirərək, iki tərəf arasında müxtəlif səviyyələrdə reallaşan qarşılıqlı səfərlərin əlaqələrin genişlənməsindəki rolu və əməkdaşlıq potensialını vurğulayıb.
Koxir Rasulzoda qəbula görə minnətdarlığını bildirərək Tacikistan Prezidenti Emoməli Rəhmonun salamlarını İlham Əliyevə çatdırıb, dövlət başçısı da öz növbəsində öz salamlarını çatdırmağı xahiş edib.
Söhbət zamanı iki ölkə prezidentlərinin 2024-cü ildə Bakıda imzaladıqları strateji tərəfdaşlıq Bəyannaməsi xatırladılaraq münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğu qeyd olunub. Görüşdə Tacikistan mallarının Orta Dəhliz vasitəsilə Azərbaycan ərazisindən tranzit keçməklə beynəlxalq bazarlara çıxarılması, eləcə də metallurgiya, energetika, kənd təsərrüfatı və ticarət dövriyyəsinin artırılması imkanları nəzərdən keçirilib.
Baş nazir Azərbaycanın “ASAN xidmət” modelinin Tacikistanda tətbiqi ilə bağlı maraqlarını ifadə edib və tacikistanlı tələbələr üçün ayrılan təhsil kvotalarına görə təşəkkürünü bildirib. Eyni zamanda Bakı və Düşənbə arasında birbaşa aviareysin açılmasının əhəmiyyətinə toxunularaq, turizm və sərnişindaşıma sahəsindəki artım məmnunluqla diqqətə çatdırılıb.






No Comment! Be the first one.