İndoneziyanın paytaxtı Cakartada Azərbaycanın Zəfər Günü təntənə ilə qeyd olunub
Azərbaycanın İndoneziyadakı səfirliyi tərəfindən paytaxt Cakartada 8 Noyabr – Zəfər Gününə həsr olunmuş rəsmi ziyafət təşkil edilib.
hadiseler.info xəbər verir ki, tədbirdə ASEAN Parlamentlərarası Assambleyasının (AIPA) Baş katibi Çem Vidhya, İndoneziyanın rəsmi qurumlarının və ictimaiyyətinin nümayəndələri, diplomatik missiyaların rəhbərləri, eləcə də bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.
Mərasim iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Ardınca Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Azərbaycanın İndoneziyadakı səfiri Ramil Rzayev 8 Noyabr – Zəfər Gününün ölkəmizin tarixində müstəsna əhəmiyyət daşıdığını vurğulayıb. O, 2020-ci ildə əldə edilmiş tarixi qələbənin xalqımızın birliyinin, əzminin və iradəsinin, habelə dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində görülən işlərin nəticəsi olduğunu bildirib. Səfir bu tarixi zəfərin Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin təntənəsi olduğunu qeyd edib.
Diplomat qələbədən sonra Azərbaycanın yeni quruculuq mərhələsinə qədəm qoyduğunu, “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtdıqlarını, Qarabağ və Şərqi Zəngəzurda müasir infrastrukturun qurulduğunu diqqətə çatdırıb. Səfir həmçinin Azərbaycanın suverenliyinə beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq dəstək göstərən dost ölkələrə, o cümlədən İndoneziyaya minnətdarlığını ifadə edib.
No Comment! Be the first one.