Kamran Əliyev Çinin səfiri Lu Mey ilə görüşdü-FOTOLAR
Avqustun 13-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Lu Meyi qəbul edib.
hadiseler.info xəbər verir ki, Baş prokuror Azərbaycan ilə Çin arasında ənənəvi dostluq, hərtərəfli tərəfdaşlıq və hüquq-mühafizə orqanları arasındakı sıx işgüzar əlaqələrdən söz açıb.
K.Əliyev vurğulayıb ki, Çin beynəlxalq platformalarda hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Dövlət başçılarının siyasi iradəsi sayəsində münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd edən Baş prokuror, Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfərlərini və Çin sədri Si Cinpinlə imzalanan “Hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ı bu dostluğun mühüm göstəricisi kimi dəyərləndirib.
Görüşdə iki ölkənin prokurorluq orqanları arasında təcrübə mübadiləsinin genişləndirilməsi, cinayətkarlığın müxtəlif formalarına qarşı birgə mübarizə və hüquqi əməkdaşlıq perspektivləri ətrafında razılıq əldə olunub. Şanxay şəhərində Çinin Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonqla keçirilmiş görüşün də əlaqələrə töhfə verdiyi xüsusi qeyd edilib.
Səfir Lu Mey öz növbəsində səmimi qəbula görə təşəkkür edərək, Pekinin Azərbaycanla ikitərəfli münasibətlərin inkişafına böyük önəm verdiyini diqqətə çatdırıb.



No Comment! Be the first one.