Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olunmuş şəxslərin elektron qeydiyyat prosesinin müddəti uzadılıb.
hadiseler.info xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Qeydiyyat prosesi 2 sentyabr saat 18:00-dək davam edəcək.
Tələbə qəbulu üçün qeydiyyat yalnız my.gov.az platforması vasitəsilə aparılır. Abituriyentlər “mygov ID” ilə portalındakı şəxsi kabinetlərinə daxil olduqdan sonra “Xidmətlər” bölməsinin “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid etməlidirlər.
Şəkilsiz köhnə nəsil şəxsiyyət vəsiqəsi olan şəxslər portalda qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqəsini yeniləməli, 15 yaşına çatmamış vətəndaşlar isə şəxsi kabinetlərini “SİMA Rəqəmsal İmza” ilə açmalıdırlar. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.
No Comment! Be the first one.