Korsikada “Korte Bəyannaməsi” qəbul olundu.
Korsikanın Korti şəhərində müstəqillik tərəfdarı olan “Nazione” hərəkatının təşkilatçılığı ilə 44-cü “Beynəlxalq Günlər” tədbiri keçirilib.
Görüşdə Bakı Təşəbbüs Qrupunun (BTQ) dəstəyi ilə təsis edilmiş, Fransa və Niderlandın müstəmləkə idarəçiliyinə qarşı mübarizə aparan Beynəlxalq Dekolonizasiya Cəbhəsinin nümayəndələri də yer alıblar. Tədbirin sonunda Cəbhə tərəfindən “Korte Bəyannaməsi” qəbul olunub.
Sənəddə rəsmi Parisin öz idarəçiliyi altındakı ərazilərdə yerli xalqların suverenliyini tapdaladığı və eyni istismar mexanizmlərini tətbiq etdiyi vurğulanır. Bildirilir ki, Fransanın məqsədyönlü iqtisadi siyasəti təbii sərvətlərin talanmasına, bahalığa, kütləvi işsizliyə və gənclərin ana yurdlarından mühacirət etməyə məcbur qalmasına gətirib çıxarır.
Bəyannamədə həmçinin qeyd edilir ki, Fransa məhkəmə sisteminin dəstəyi ilə yerli əhalinin torpaqları müsadirə olunur, demoqrafik tərkib süni şəkildə dəyişdirilir və müstəmləkə əleyhinə çıxış edən fəallara qarşı qanunsuz güc tətbiq olunur. Bundan əlavə, rəsmi Parisin Martinik və Qvadelupda minlərlə insanın zəhərlənməsinə səbəb olan xlordekon pestisidi skandalının üstünü ört-basdır etdiyi diqqətə çatdırılır.
Beynəlxalq Dekolonizasiya Cəbhəsi Fransadan Yeni Kaledoniya, Korsika və digər regionlarda yerli xalqların hüquqlarını tapdalanması cəhdlərinə son qoymağı tələb edib. Cəbhə BMT-nin 75/123 saylı qətnaməsinə dayanaraq, Fransanın dənizaşırı ərazilərinin yenidən BMT-nin dekolonizasiya olunmalı ölkələr siyahısına salınması istiqamətində diplomatik və hüquqi mübarizəni kəsintisiz davam etdirəcəyini bəyan edib.

No Comment! Be the first one.