Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) paytaxt məktəblərində geyim formaları və işgüzar geyim qaydalarına əməl olunması ilə bağlı monitorinqlərin keçiriləcəyini elan edib.
hadiseler.info xəbər verir ki, monitorinqlər zamanı Nazirlər Kabinetinin müvafiq qərarı ilə təhsilalanlar üçün müəyyən edilmiş vahid məktəbli forması tələblərinin, həmçinin təhsilverənlərin pedaqoji fəaliyyətin xarakterinə və işgüzar mühitə uyğun geyim qaydalarının icrası vəziyyəti yoxlanılacaq.
BŞTİ-dən bildirilib ki, təhsil müəssisələrində vahid geyim formaları ilə bağlı qaydaların icrasına nəzarət məktəb rəhbərliyi tərəfindən tənzimlənir, müvafiq məsələlər isə Pedaqoji Şuralar tərəfindən müzakirə olunaraq həll edilir. Bununla yanaşı, şagirdlərin müəyyən olunmuş məktəbli formasında dərsə davamiyyətini təmin etmək birbaşa valideynlərin məsuliyyətidir.
Qeyd olunub ki, vahid geyim forması tələblərinin tətbiqində əsas məqsəd təhsil müəssisələrində intizamlı, səliqəli və bərabər təhsil mühitini formalaşdırmaqdır.
No Comment! Be the first one.