Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürüldü
Azərbaycanın Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi ilə bağlı məsələlər ölkə rəhbərliyinin xüsusi diqqətinə götürülüb.
hadiseler.info xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, sənətçinin səhhəti və müalicə prosesi nəzarətə alınıb.
Məsələ ilə bağlı Prezidentin köməkçisi Anar Ələkbərov “Instagram” hesabında paylaşım edərək Xalq artistinə şəfa diləyib:
“Əziz Murad! Hamımız sənin tezliklə sağalmağını arzulayırıq. Sən güclü insansan və biz inanırıq ki, sən bu sınaqdan mütləq üzüağ çıxacaq və qalib gələcəksən. Azərbaycana sənin kimi istedadlı, işıqlı və öz sənətinə sadiq insanlar gərəkdir. Düşüncələrimiz, dualarımız və ən xoş arzularımız bu gün səninlədir.
Xüsusilə ən çətin anlarında sənətkarlarımıza göstərdikləri diqqət, qayğı və dəstəyə görə möhtərəm cənab Prezidentə və hörmətli Mehriban xanıma dərin minnətdarlığımızı bildiririk.
Allah sənə güc, möhkəm cansağlığı və şəfa versin. Hamımız sənin səhnəyə qayıtmağını səbirsizliklə gözləyirik”.
No Comment! Be the first one.