Naxçıvanda ictimai nəqliyyatda “BakıKart” və bank kartları ilə ödəniş tətbiq olunacaq
Naxçıvan şəhərində fəaliyyətə başlayan yeni elektrik avtobuslarında gediş haqqı ödənişləri tamamilə nağdsız qaydada həyata keçiriləcək.
hadiseler.info xəbər verir ki, bu barədə “Baku Bus” MMC-nin Marketinq və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əsmər Əliyeva jurnalistlərə açıqlamasında məlumat verib.
Şöbə müdirinin sözlərinə görə, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Naxçıvanda “Baku Bus” MMC-yə məxsus yeni elektrik avtobus parkının açılışı baş tutub. 2,72 hektar sahəni əhatə edən parkda 60 ədəd BYD markalı 53 nəfərlik elektrik avtobusu xidmət göstərəcək. Müəssisənin istifadəyə verilməsi ilə 222 nəfər yeni iş yeri ilə təmin olunub. Həmçinin avtobus parkında suyun 85 faizinin təkrar emal olunduğu müasir yuma məntəqəsi və infrastruktur qurulub.
Ə.Əliyeva bildirib ki, nəqliyyatda ödəniş imkanlarını asanlaşdırmaq üçün “City kart” sistemi ilə yanaşı, “BakıKart” ödəniş sistemi də tətbiq ediləcək. Sərnişinlər “BakıKart” mobil tətbiqi (QR kod), “Google Pay”, “Apple Pay” və istənilən bank kartları vasitəsilə ödənişlərini rahat şəkildə edə biləcəklər.
No Comment! Be the first one.