NDU ilə Çin universiteti arasında ikili diplom proqramına dair müqavilə imzalanıb
Naxçıvan Dövlət Universiteti ilə Çinin Pekin İnformasiya Elmləri və Texnologiyaları Universiteti arasında “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə “2+2” formatlı ikili diplom proqramının həyata keçirilməsinə dair müqavilə imzalanıb.
hadiseler.info xəbər verir ki, müqavilə NDU-nun rektoru Elbrus İsayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına rəsmi səfəri çərçivəsində BISTU-nun rektoru, professor Quo Fu və hər iki ali təhsil müəssisəsinin rəhbər heyətinin iştirakı ilə imzalanıb.
Sənədə əsasən, tələbələr bakalavriat təhsilinin ilk iki ilini Naxçıvanda, növbəti iki ilini isə Pekində davam etdirərək akademik tələbləri yerinə yetirdikdən sonra hər iki universitetin diplomunu əldə edə biləcəklər. Proqrama tələbə qəbulunun 2027-2028-ci tədris ilindən başlanması nəzərdə tutulur.
Səfər çərçivəsində keçirilən görüşlərdə müəllim-tələbə mobilliyi, birgə elmi-tədqiqat layihələri və təlimlərin təşkili də müzakirə olunub. Əməkdaşlıq planına əsasən, 2027-ci ilin aprel və may aylarında Çinli professorların NDU-ya gələrək ixtisas fənləri üzrə dərslər və elmi seminarlar keçməsi planlaşdırılır.
No Comment! Be the first one.