“Nizami” və “28 May” arasında hərəkət dayandırıldı
“Bakı Metropoliteni” QSC xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə başlayıb. Bu çərçivədə bu gündən etibarən “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti müvəqqəti dayandırılıb.
hadiseler.info xəbər verir ki, tikinti və yenidənqurma işlərinin təxminən 10-11 ay davam edəcəyi gözlənilir.
Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş “2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun icra olunan bu strateji layihənin əsas məqsədi Qırmızı və Yaşıl xətlər arasında asılılığa son qoymaq, stansiyalarda sıxlığı azaltmaq və qatarlararası intervalı minimuma endirməkdir.
Təmir müddətində sərnişin sıxlığının və nəqliyyat çətinliklərinin qarşısını almaq üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən genişmiqyaslı dəstəkləyici tədbirlər görülüb:
6 yeni ekspres avtobus marşrutu çıxarılıb: M1, M2, M3, M4, M5 və M6 marşrutları “28 May”, “Nizami”, “Elmlər Akademiyası”, “İnşaatçılar”, “20 Yanvar”, “Gənclik” və “Koroğlu” metrostansiyaları arasında xidmət göstərir.
20 müntəzəm marşrutda avtobus sayı artırılıb: 2, 6, 7A, 9, 10, 14, 17, 18, 26, 61, 65, 79, 85, 88, 88A, 93, 133, 165, 199 və 202 nömrəli xətlərə əlavə nəqliyyat vasitələri cəlb olunub.
32, 49, 120E və 125 nömrəli marşrutların son dayanacağı dəyişdirilib: Qeyd olunan avtobusların son məntəqəsi “28 May” NMM-dən Səməd Vurğun bağının ətrafına (Dilarə Əliyeva və Puşkin küçələrinə) keçirilib.
Layihə tamamlandıqdan sonra “İçərişəhər” istiqamətinə gedən sərnişinlər “28 May”, “Dərnəgül” istiqamətinə gedənlər isə “Cəfər Cabbarlı” stansiyasının platformasından istifadə edəcəklər.
No Comment! Be the first one.