Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu
Bakıda polisin qanuni fəaliyyətinə mane olan, xuliqanlıq hərəkətləri edən və özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olunub.
hadiseler.info xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb. Bir neçə gün əvvəl gündüz saatlarında yol polisi əməkdaşları hərəkətdə olan yük avtomobilini saxlayaraq, həmin saatlarda yükgötürmə qabiliyyəti 8 tondan çox olan nəqliyyat vasitələrinin paytaxtın müəyyən edilmiş ərazilərində hərəkət etməsinin qadağan olunduğunu bildiriblər.
Sürücünün məlumat verməsindən sonra yük avtomobillərinin sahibi – Cəbrayıl rayon sakini, 1992-ci il təvəllüdlü Kazım Kərimov (ad-soyad şərtidir) telefonla polis əməkdaşları ilə kobud danışıb, özünü generallardan birinin adamı kimi təqdim edərək təhqiramiz ifadələr işlədib. Daha sonra Binəqədi rayonu Əhməd Rəcəbli küçəsində polis əməkdaşları ilə yenidən münaqişə yaradan həmin şəxs saxlanılıb. Araşdırma zamanı onun sərxoş vəziyyətdə olduğu müəyyənləşdirilib.
Barəsində inzibati protokol tərtib edilən sahibkar Binəqədi Rayon Məhkəməsinə göndərilib və müvafiq qərarla 10 sutka müddətinə inzibati həbs edilib.
No Comment! Be the first one.