Prezident 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına müraciət edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına müraciət ünvanlayıb.
hadiseler.info xəbər verir ki, dövlət başçısı tədbirin təşkilinə görə Fici, Tuvalu və Avstraliya hökumətlərinə minnətdarlığını bildirib və COP29-a uğurla ev sahibliyi etmiş ölkə kimi Azərbaycanın qlobal iqlim gündəliyinə sadiqliyini vurğulayıb.
Prezident müraciətində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) iqlim böhranından ən çox əziyyət çəkən tərəf olduğunu diqqətə çatdırıb:
“Azərbaycan Xəzər dənizinin səviyyəsinin azalması, su çatışmazlığı və tez-tez baş verən daşqınlar kimi iqlimlə bağlı çağırışlarla üzləşsə də, biz inkişaf etməkdə olan kiçik ada dövlətlərinin iqlim böhranına ən çox məruz qaldığını qəbul edirik. İnkişaf etməkdə olan kiçik ada dövlətlərini müdafiə etmək ümumi məsuliyyətimiz olmaqla yanaşı, heç bir dövlətin diqqətdən kənarda qalmamasını təmin etmək uğrunda yönəlmiş mənəvi borcumuzdur”.
Ölkə rəhbəri Azərbaycanın bu dövlətlərə dəstək çərçivəsində Millətlər Birliyi ilə 5 il müddətinə 10 milyon ABŞ dolları məbləğində yardım sazişi imzaladığını, “Azərkosmos” vasitəsilə peyk məlumatlarının təqdim edildiyini və təhsil qrant proqramlarının həyata keçirildiyini xatırladıb. İlham Əliyev Türkiyə və Avstraliyanın qarşıdan gələn COP31 sədrliyinə Azərbaycanın tam dəstəyini ifadə edib.
No Comment! Be the first one.