Prezident İlham Əliyev Naxçıvanda “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış olub
Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində inşa edilən, ümumi gücü 50 MVt olan “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış olublar.
hadiseler.info xəbər verir ki, energetika naziri Pərviz Şahbazov layihələrlə bağlı dövlət başçısına və birinci xanıma məlumat verib.
Bildirilib ki, 25 MVt-lıq “Şəms 1” layihəsi 52 hektar sahədə “CEİ Naxçıvan” MMC tərəfindən həyata keçirilir və artıq 10 MVt gücündə panellər quraşdırılıb. Tikinti işlərinin bu ilin noyabrında başa çatdırılması planlaşdırılır. Stansiya istismara verildikdən sonra illik 57 milyon kilovat-saat elektrik enerjisi istehsal edərək 19 minə yaxın ev təsərrüfatını təmin edəcək. Bu da ildə 26 min ton karbon qazı emissiyasının qarşısını alacaq və 12 milyon kubmetr təbii qaza qənaət edilməsinə şərait yaradacaq.
Dövlət başçısı və birinci xanım, həmçinin gücü 25 MVt olan “Qərbi Üfüq” Günəş Elektrik Stansiyasındakı işlərlə tanış olublar. “Enerso” MMC tərəfindən 50 hektar ərazidə inşa ediləcək stansiyanın topoqrafik işləri tamamlanıb, ilin sonunadək tikintisinə başlanılacaq. İstismara verildikdən sonra illik 61 milyon kilovat-saat enerji istehsal olunacaq və 21 minə yaxın ev təsərrüfatı elektrik enerjisi ilə təmin ediləcək.
Ümumilikdə Naxçıvanda 688 hektar sahə Günəş elektrik stansiyalarının tikintisi üçün ayrılıb. Bu iki yeni stansiyanın istifadəyə verilməsi ilə Naxçıvanın bərpaolunan enerji üzrə qoyuluş gücü 158 MVt-a çatacaq.
No Comment! Be the first one.