Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvanda yeni avtobuslara baxıblar
Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində istifadəyə veriləcək elektrik mühərrikli yeni avtobuslara baxıb, Naxçıvan Muxtar Respublikasının dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olublar.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov görülmüş işlər barədə məlumat veriblər.
Dövlət başçısının müvafiq Sərəncamına əsasən, Naxçıvanın ictimai nəqliyyatında sərnişindaşımanın yalnız ekoloji təmiz nəqliyyatla təşkili məqsədilə ölkəmizdə yığılan, 53 sərnişin tutumlu 60 ədəd “BYD” markalı elektrik avtobusu alınıb, enerjidoldurma stansiyaları quraşdırılıb. Hərəkətin idarə olunması üçün rəqəmsal dispetçer sistemi tətbiq edilib, nağdsız ödəniş imkanları yaradılıb. Layihə illik 4,5 milyon sərnişinə xidmət göstərmək gücündədir. “BakuBus” MMC-nin Naxçıvandakı yeni deposunda 200 sürücü və 22 inzibati heyət işlə təmin olunacaq, sürücülərin maaşı 1000 manatdan çox olacaq.
Həmçinin Naxçıvanın dəmir yolu infrastrukturunun yenidən qurulması layihəsi təqdim olunub. Yeni layihəyə əsasən, xəttin uzunluğu 194,2 kilometr təşkil edəcək, 10 stansiya və 3 platforma yenilənəcək. Salamməlik stansiyasından Ermənistan sərhədinədək olan 7 kilometrlik hissədə tikinti işlərinə başlanılıb. Eyni zamanda, Sədərək stansiyasından Türkiyə sərhədinədək olan hissənin gələcəkdə Qars-İğdır-Dilucu dəmir yolu xətti ilə inteqrasiyası planlaşdırılır.
No Comment! Be the first one.