Qətlə yetirilən “Ceyhun Sabunçu”nun əsl adı nə imiş?
Oktyabrın 23-də Xətai rayonunda törədilən silahlı insident və digər ağır cinayətlərlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
hadiseler.info Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, oktyabrın 23-də Bakı şəhəri, Xətai rayonu, General Şıxlınski küçəsi, 145 ünvanında yerləşən “Ab-Hava” restoranında 1983-cü il təvəllüdlü, kriminal aləmdə “Ceyhun Sabunçu” ləqəbi ilə tanınan Mirağayev Cəlal Miryaqub oğlunun qəsdən öldürülməsi faktı ilə bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.
İlkin istintaqla müəyyən edilib ki, Cəlal Mirağayevlə (“Ceyhun Sabunçu”) “Sabunçu Emin” ləqəbli Rəhimov Emin Qoşqar oğlu arasında borcla bağlı yaranmış mübahisənin həlli məqsədilə kriminial aləmlə əlaqəli şəxslərin iştirakı ilə həmin tarixdə restoranda təşkil edilən görüş zamanı tərəflər arasında fiziki qarşıdurma və ictimai qaydanın kobud şəkildə pozulması ilə müşayiət olunan dava baş verib. Dava zamanı Cəlal Mirağayev Emin Rəhimova yumruqla zərbə vurduqdan sonra sonuncunun dostu Cəfərov Elmar Sücayət oğlu və özü bıçaqla Cəlal Mirağayevə zərbələr endiriblər və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Həmçinin qeyd olunan davada iştirak edən digər şəxslərin barəsində Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 218.1, 218.2, 234.4.1, 234.4.3-cü və digər maddələri ilə cinayət işi başlanıb. Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının prokurorluqla koordinasiyalı şəkildə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə iştirak etmiş bütün şəxslər – Elmar Cəfərov, Emin Rəhimov, Əhməd Əli-Zadə, Həsən Zülfüqarov, Ramil Dadaşov, Eldar Eldarov, İsmayıl Kazımov, Xəyyam Səfixanov, eləcə də Kamran Əfəndiyev, Elvin Səfərov, Mikayıl İsmayılov, Elmar Nuriyev və Fərid Əyyublu olmaqla cəmi 13 nəfər saxlanılaraq istintaq orqanına təhvil veriliblər.
İstintaq tədbirləri nəticəsində Cəlal Mirağayevin başqa cinayət əməlinə görə axtarışda olan Elmar Cəfərov və Emin Rəhimov tərəfindən qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edildiyindən onlar Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə, digər şəxslər isə müvafiq maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunublar. Məhkəmənin qərarları ilə saxlanılan bütün şəxslərin barəsində həbs qətimkan tədbiri seçilib. İş üzrə istintaqın davam etdirilməsi Baş prokurorun əmri ilə Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub. Baş Prokurorluq media nümayəndələri və sosial şəbəkə istifadəçilərini istintaqın gedişinə mənfi təsir göstərə biləcək dəqiqləşdirilməmiş məlumatları yaymamağa çağırıb.
No Comment! Be the first one.