Qızıl bazarında mərkəzi bankların alışları artıb, zərgərlik tələbatı azalıb
Dünya qızıl bazarında cari ilin üçüncü rübünün nəticələri açıqlanıb.
hadiseler.info xəbər verir ki, bu barədə Dünya Qızıl Şurasının (World Gold Council) hesabatında bildirilib. Hesabata əsasən, 2026-cı ilin III rübündə birjadankənar (OTC) bazar da daxil olmaqla, qızıla qlobal tələbat illik müqayisədə 1% azalaraq 1 369 ton təşkil edib. Buna baxmayaraq, yanvar-sentyabr aylarında qlobal tələbat 3 881 tona çataraq 2025-ci ilin rekord göstəricisinə (3 884 ton) yaxınlaşıb. Hesabat dövründə qızıla tələbatın ümumi dəyəri isə rekord həddə çataraq 566 milyard ABŞ dolları olub.
Əsas məqamlar:
Mərkəzi banklar: Mərkəzi bankların qızıl alışları III rübdə kəskin artaraq 321 ton təşkil edib. Beləliklə, doqquz ay ərzində mərkəzi bankların alışları ötən ilin eyni dövrü ilə müqayisədə 6% artaraq 675 tona çatıb.
Fondlar (ETF): Qızılla təmin olunmuş birja investisiya fondlarına yenidən vəsait axını başlayıb və bu fondların ehtiyatları 211 ton artıb.
Külçə və sikkələr: Qiymətlərin dinamikasını gözləyən investorların daha ehtiyatlı davranması fonunda bu kateqoriya üzrə qlobal tələbat 19% azalaraq 268 ton olub.
Zərgərlik məmulatları: Yüksək qiymətlər səbəbindən zərgərlik məmulatlarına qızıl tələbatı illik müqayisədə 17% azalaraq 313 tona düşüb ki, bu da müşahidələrin aparıldığı bütün dövr ərzində III rüblər üzrə ən aşağı göstəricidir.
Texnologiya sektoru: Süni intellektlə əlaqəli istehsal sahələrindən yaranan tələbatın artması fonunda texnologiya sektorunda istifadə olunan qızılın həcmi 3% artıb.
No Comment! Be the first one.