Robert Koçaryanın həbs müddəti daha iki ay uzadıldı
İrəvandakı Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Ermənistanın keçmiş prezidenti Robert Koçaryan barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini daha iki ay uzadıb. Sözügedən qərar saatlarla davam edən məhkəmə iclasının yekununda elan edilib.
hadiseler.info xəbər verir ki, hakim Vardges Stepanyan prokuror Tsovak Mnatsakanyanın verdiyi vəsatəti təmin edərək həbs müddətinin uzadılmasına qərar verib.
Xatırladaq ki, Robert Koçaryan avqustun 25-də saxlanılıb. Keçmiş prezidentə dövlət əmlakının qanunsuz əldə edilməsi faktı üzrə rəsmi ittiham irəli sürülüb. İstintaq versiyasına əsasən, Koçaryan prezident olduğu dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək digər şəxslərlə cinayət əlaqəsinə girib və strateji əhəmiyyətli obyektləri mənimsəyib.
Avqustun 27-də barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilən eks-prezidentlə yanaşı, onun oğlu Sedrak Koçaryan da həbs olunub. Məhkəmənin paralel qərarı ilə Sedrak Koçaryanın da həbs müddəti daha iki ay uzadılıb.
Hüquq-mühafizə organları tərəfindən yürüdülən cinayət işi çərçivəsində Koçaryan ailəsinə məxsus 35 müxtəlif əmlak vahidi araşdırılır. Həmçinin ailəyə aid bəzi şirkətlərin fəaliyyəti dayandırılıb və obyektləri möhürlənib. Qeyd edək ki, oktyabrın 14-də Apellyasiya Məhkəməsi ikinci prezidentin vəkillərinin azadlığa buraxılma ilə bağlı şikayətini rədd etmişdi.
No Comment! Be the first one.