Sabiq deputatın şirkətinə cinayət işi açıldı: 5 milyonluq obyekt söküldü
Sabiq deputat Əsabil Qasımova məxsus olan “Azər-Tikinti” MTK-nın vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb.
hadiseler.info xəbər verir ki, şirkətin Bakı şəhəri, Azadlıq prospekti 40 və 42 ünvanlarında yerləşən, dəyəri 5 milyon manata yaxın qiymətləndirilən 2 mərtəbəli özəl mülkiyyəti özbaşına sökməsi məlum olub. Faktla bağlı Bakı şəhər prokurorunun göstərişinə əsasən, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və araşdırma Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin İstintaq şöbəsinə həvalə edilib.
İş üzrə zərərçəkmiş şəxs qismində iş adamı Naiq Məmmədhəsənov tanınıb. Məlumata görə, sökülən binanın zirzəmisində “Mağara” restoranı və Dequstasiya zalı, birinci mərtəbəsində “Tovuz Konyak Evi”, ikinci mərtəbəsində isə “Hostel” fəaliyyət göstərib. Ümumi əmlakın dəyəri 4 milyon 810 min manat qiymətləndirilib.
Qeyd edək ki, daha əvvəl əmlak sahibi ilə tikinti şirkəti arasında alqı-satqıya dair müqavilə bağlansa da, sonradan həmin müqavilə pozulub.
No Comment! Be the first one.