Saleh Səmədov azadlıqdan məhrum edildi
İmişli Rayon Ağsaqqallar Şurasının həbsdə olan sabiq sədri Saleh Səmədovun Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesi başa çatıb və hökm oxunub.
hadiseler.info xəbər verir ki, hakim Leyla Əsgərova Məmmədovanın sədrlik etdiyi məhkəmə kollegiyasının hökmünə əsasən, S.Səmədov vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda mənimsəmədə təqsirli bilinərək 8 il azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Məhkəmə prosesinin gedişində müdafiə tərəfi dəymiş 224 min manat ziyanın və bu məbləğin 50 faizi miqdarında (112 min manat) dövlət rüsumunun ödənildiyini bildirərək işə xitam verilməsini istəsə də, dövlət ittihamçısı Fuad Musayev cinayətin ictimai təhlükəlilik dərəcəsini əsas gətirərək cəza təyin olunmasını tələb edib. Məhkəmə kollegiyası dəymiş ziyan tam ödənilsə belə, cinayətin ağırlığının işə xitam verilməsinə imkan vermədiyi qənaətinə gəlib. Qərara əsasən, cinayət məsuliyyətindən azad edilmək üçün dövlət büdcəsinə ödənilən 112 min manat rüsum təqsirləndirilən şəxsə qaytarılacaq.
Qeyd edək ki, Saleh Səmədov Faşizm üzərində Qələbə Günü tədbirində SSRİ bayrağı altında “Georgi lenti” ilə çıxış etdikdən sonra ictimai qınağa tuş gəlmiş, bir müddət sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən korrupsiya ittihamı ilə həbs edilmişdi. O, 17 aydır həbsdə idi.
No Comment! Be the first one.