Son 140 ilin ən yüksək temperaturu qeydə alındı
Honkonqda son 140 ildən artıq müddətin ən yüksək temperatur rekordu yenilənib. Şəhərin mərkəzi müşahidə məntəqəsində termometrlər 36,9 dərəcə Selsini göstərib.
Hadisələr.info xəbər verir ki, Honkonq Rəsədxanasının yaydığı məlumata görə, bu göstərici 1884-cü ildən bəri həmin stansiyada qeydə alınan ən yüksək temperaturdur. Əvvəlki rekord 22 avqust 2017-ci ildə “Hato” tayfunu ərəfəsində 36,6 dərəcə olaraq qeydə alınmışdı.
Şəhərin bəzi bölgələrində isə bürkü daha kəskin hiss olunub. Şimaldakı Şeunq Şui ərazisində temperatur 39,8 dərəcəyə çataraq 1980-ci illərdə avtomatik məntəqələrin qurulmasından bəri mütləq rekord kimi tarixə düşüb.
Meteoroloqlar bu anomal istilərin Çinin şərq sahillərinə doğru irəliləyən “Delfin” tropik siklonunun gətirdiyi isti hava axınları ilə bağlı olduğunu bildirirlər. Fəlakətlə əlaqədar regionda 1000-dən çox aviareys ləğv olunub, əhali təxliyə edilib. Rəsədxana sakinləri günvurma təhlükəsinə qarşı diqqətli olmağa çağırıb.
No Comment! Be the first one.