ABŞ-dən müvafiq lisenziya alındıqdan sonra Ukraynada “Patriot” hava hücumundan müdafiə (HHM) sistemlərinin istehsalının qurulması 12 aydan bir neçə ilə qədər vaxt apara bilər. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski televiziya efirində bəyan edib.
Ukrayna dövlət başçısının sözlərinə görə, bu proses ABŞ və Avropa ölkələrindəki mürəkkəb bürokratik prosedurlar səbəbindən yubanır. Zelenski həmçinin əlavə edib ki, hətta lisenziya əldə olunsa belə, Ukrayna “Patriot” kompleksləri üçün raketləri müstəqil şəkildə istehsal etmək imkanına malik olmayacaq.
Prezident Kiyevin ölkə ərazisində mümkün qədər çox istehsal komponentinin yerləşdirilməsində maraqlı olduğunu vurğulayıb. Onun fikrincə, istehsalın bir neçə müxtəlif Avropa ölkəsi arasında paylanması əlavə bürokratik ləngimələrə yol aça bilər.
Xatırladaq ki, iyulun əvvəlində keçirilən NATO sammitində ABŞ Prezidenti Donald Tramp gələcəkdə Ukraynada “Patriot” sistemlərinin lisenziyalı istehsalının təşkil oluna biləcəyini bəyan etmişdi. “Bloomberg” agentliyinin məlumatına görə də, Ukraynada bu sistemlər üçün raket istehsalına başlanılması uzun zaman tələb edəcək və Kiyevin mövcud ehtiyatlarını qısa müddətdə bərpa etməsinə imkan verməyəcək.
No Comment! Be the first one.