Vətən müharibəsi döyüşçüsünün xatirələri: “5 gün yaralı və susuz qaldım”
44 günlük Vətən müharibəsinin iştirakçısı, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hərbi kəşfiyyat dəstəsinin döyüşçüsü Rahil Xəlilov keçdiyi döyüş yolu, Şuşa uğrunda döyüşlərdə yaralanması və qazanılan şanlı Qələbə ilə bağlı təəssüratlarını bölüşüb.
hadiseler.info xəbər verir ki, cəsur döyüşçü çıxışında müharibə dövründə xalqın nümayiş etdirdiyi sarsılmaz birliyi və ordumuzun göstərdiyi böyük şücaəti xüsusi vurğulayıb.
“Şuşada 5 gün yaralı və susuz qaldım”
Cəsur döyüşçünün sözlərinə görə, ordumuzun əldə etdiyi hər bir uğur, azad olunan hər kənd və rayon bütün xalqımıza sonsuz qürur və sevinc bəxş edib:
“Hər dəfə torpaqlarımız, strateji yüksəkliklər və rayonlarımız azad olunduqca böyük fərəh hissi keçirirdik. Bu sevinci təkcə biz döyüşçülər deyil, bütün Azərbaycan xalqı yaşayırdı”.
Hərbiçimiz Şuşa şəhəri uğrunda gedən əməliyyatlar zamanı ağır yaralandığını və bir neçə gün döyüş meydanında qaldığını diqqətə çatdırıb:
“Noyabrın 4-də hava qaralarkən Şuşa şəhərinə daxil olan zaman düşmənin mərmisindən dəyən qəlpələr nəticəsində hər iki ayağımdan və sinəmdən ağır yaralandım. Düz 5 gün orada yaralı və susuz vəziyyətdə qaldım. Noyabrın 8-də məni ərazidən təxliyə edərək əvvəlcə Daşaltıya, ardından Hadrut qəsəbəsinə gətirdilər. Hadrutda ilkin tibbi yardım göstərildikdən sonra hərbi hospitala göndərildim”.
“Xalqımız yumruq kimi birləşdi”
Hospitalda müalicə olunarkən hərbi əməliyyatların dayandırıldığını və torpaqlarımızın tam azad edildiyini öyrənən XTQ kəşfiyyatçısı bu Qələbənin onun ən böyük arzusu olduğunu bildirib:
“Döyüşdə müvəffəqiyyət qazanacağımıza inamım həmişə tam idi. Yaralandıqdan sonra ayaqlarımın tutmadığını görəndə bir anlıq hər şeyin bitdiyini zənn etdim. Lakin hospitalda olarkən müharibənin qələbəmizlə başa çatdığını və torpaqlarımızın işğaldan azad edildiyini eşidəndə böyük rahatlıq tapdım. Qarşıya qoyulan müqəddəs missiyanı şərəflə yerinə yetirdiyimiz üçün bir hərbi qulluqçu olaraq sonsuz xoşbəxtlik duyuram”.
Rahil Xəlilov 44 günlük Vətən müharibəsinin milli birliyimizin təcəssümü olduğunu xüsusi qeyd edib:
“Bu tarixi müharibə bizə çox şey öyrətdi. Təkcə səngərdəki əsgərlər deyil, bütün xalqımız bir yumruq kimi ordumuzun arxasında dağ kimi dayandı. Vətən müharibəsi birliyimizin sarsılmazlığını sübut etdi və biz başladığımız haqq işini möhtəşəm Zəfərlə yekunlaşdırdıq”.



No Comment! Be the first one.