Vətən Müharibəsi Qəhrəmanına yüksək hərbi rütbə verildi
Vətən Müharibəsi Qəhrəmanı, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin zabiti Xaliq İbrahimova növbəti yüksək hərbi rütbə təqdim olunub.
hadiseler.info xəbər verir ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov bununla bağlı müvafiq Əmr imzalayıb.
Əmrə əsasən, Xaliq İbrahimova 1-ci dərəcəli kapitan hərbi rütbəsi verilib. Qeyd edək ki, HDQ-də 1-ci dərəcəli kapitan rütbəsi digər qoşun növlərindəki polkovnik rütbəsinə bərabərdir və bu rütbədən sonrakı pillə kontr-admiral ali rütbəsidir.
Xaliq İbrahimov İkinci Qarabağ Müharibəsində Sualtı Hücum Xüsusi Təyinatlı (SAT) dəstəsinin zabiti kimi rəşadətlə xidmət edib. O, bir neçə rayonumuzun, eləcə də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhid olduğu postun düşməndən azad edilməsi əməliyyatlarında şəxsən iştirak edib.
Zəfərdən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə İbrahimova “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. O, həmçinin “Cəbrayılın azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə”, “Füzulinin azad edilməsinə görə” və “Qubadlının azad edilməsinə görə” medalları ilə təltif olunub.
Hazırda 41 yaşlı 1-ci dərəcəli kapitan Hərbi Dəniz Qüvvələrinin tabeliyindəki hərbi hissələrdən birinin komandiri vəzifəsini icra edir.
No Comment! Be the first one.