Xəzər dayazlaşdı: Dağıstanda adalar materikə birləşdi
Xəzər dənizində müşahidə olunan dayazlaşma prosesi nəticəsində sahil xəttində ciddi dəyişikliklər baş verir.
hadiseler.info xəbər verir ki, dəniz səviyyəsinin enməsi Dağıstanın ərazisini 2-3 min kvadratkilometr genişləndirib. Geoloq, coğrafiya elmləri üzrə fəlsəfə doktoru İdris İdrisovun “RİA Novosti”yə verdiyi məlumata görə, respublikanın ərazisi əvvəlki 50,3 min kvadratkilometrdən təxminən 52-53 min kvadratkilometrə çatıb. Suyun səviyyəsinin azalması nəticəsində Yaiçnı, Çeçen, Piçujonok, Bazar və Prıquşki adaları artıq quru ərazi ilə birləşib və onlara avtomobillə getmək mümkündür.
Mütəxəssis qeyd edib ki, Xəzər dənizinin şimal hissəsinin dayaz olması səbəbindən suyun azalması geniş quru sahələrinin üzə çıxmasına səbəb olur. Dəniz səviyyəsinin gələcəkdə bir metrdən az da aşağı düşəcəyi təqdirdə, Kizlyar körfəzindəki 63 hektar sahəsi olan Nordovı adasının da materiklə birləşə biləcəyi istisna edilmir. Bu isə dəniz quşlarının yuvalama məkanlarına təsir etdiyi üçün ekoloji narahatlıq doğurur.
Xatırladaq ki, 1990-cı illərin ortalarından bəri davam edən bu proses sahil xəttinin yaşayış məntəqələrindən uzaqlaşmasına, eləcə də limanlarda və Volqa-Xəzər kanalında gəmiçiliyin çətinləşməsinə yol açıb.
No Comment! Be the first one.