Xaricdə yaşayan azərbaycanlılar üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə start verilir
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə xaricdə yaşayan soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb.
hadiseler.info xəbər verir ki, layihənin əsas məqsədi xaricdə yaşayan azərbaycanlıların ana dilini öyrənməsinə, milli kimliyini tanımasına, milli şüurlu insan kapitalının formalaşdırılmasına və qorunmasına dəstək göstərməkdir.
Layihə 6–18 yaş aralığındakı uşaq və gənclər üçün nəzərdə tutulub və üç yaş qrupu üzrə (6–10 yaş, 11–13 yaş və 14–18 yaş) təşkil olunur. İştirakçılar yaş qruplarına, Azərbaycan dili üzrə bilik səviyyələrinə və vaxt zonalarına uyğun olaraq qruplara bölünəcəklər. Düzgün qruplaşdırma aparılması məqsədilə öncədən qısa dil yoxlaması keçiriləcək.
Onlayn dərslərə 25 sentyabr 2026-cı il tarixindən başlanılacaq. Tədris həftədə iki dəfə olmaqla təcrübəli müəllimlər tərəfindən interaktiv formada keçiriləcək. Tədris proqramı başlanğıc, orta və yüksək olmaqla üç səviyyə üzrə hazırlanıb. Proqramı uğurla başa vuran iştirakçılara Azərbaycan dilini bilmə səviyyələrinə uyğun sertifikat təqdim olunacaq. Layihədə iştirak etmək istəyənlər artıq qeydiyyatdan keçə bilərlər.
No Comment! Be the first one.