Xəstəxanada həkim və xadiməni döydü
Füzuli Rayon Mərkəzi Xəstəxanasında həkim və xadiməyə hücum edərək xəsarətlər yetirən 24 yaşlı Məhəbbət Talıbov barəsində keçirilən məhkəmə prosesi başa çatıb.
hadiseler.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, Böyük Bəhmənli kənd sakini M.Talıbov toyda spirtli içki qəbul etdikdən sonra atasının rahatsızlanaraq xəstəxanaya aparıldığını öyrənib. Sərxoş halda xəstəxanaya gələn gənc təcili yardım həkimini yerində tapmayaraq kardioloqla mübahisə edib və ona zərbələr endirib. O, həmçinin araya girən xadiməni də vuraraq onun sağ trapesvari sümüyünün sınığı, qapalı kəllə-beyin travması və müxtəlif ağır bədən xəsarətləri almasına səbəb olub.
Cinayət Məcəlləsinin 127 və 221-ci maddələri ilə ittiham olunan M.Talıbov məhkəmədə əməlini etiraf edib. Füzuli Rayon Məhkəməsi təqsirləndirilən şəxsin Vətən müharibəsi şəhidi Məhəmməd Talıbovun qardaşı olmasını da dikkətə alaraq, Milli Məclisin “Konstitusiya və Suverenlik ili” münasibətilə elan etdiyi amnistiya qərarına əsasən onun cinayət məsuliyyətindən azad edilməsinə və işə xitam verilməsinə qərar verib.
No Comment! Be the first one.